Azərbaycan Dəmir Yolları (ADY) Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işlərini davam etdirir. Uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tam başa çatdırılıb və hazırda yol yatağının tikintisi aparılır.

Postxronika.az xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 174 mühəndis qurğusunun inşası nəzərdə tutulur. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98 suötürücü boru və 60 ehtiyat keçidi daxildir. Bildirilib ki, xətt 1967-ci ildən bəri əsaslı təmir olunmadığından qatarların hərəkət sürəti 10–60 km/saat arasında dəyişirdi. Yenidənqurma işləri başa çatdıqdan sonra isə hərəkət sürəti artırılacaq, daha sürətli, dayanıqlı və fasiləsiz dəmir yolu əlaqəsi təmin ediləcək. Bununla da Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu infrastrukturu formalaşacaq.