İranın xarici işlər naziri Abbas Əraqçi və Omanın xarici işlər naziri Seyid Bədr əl-Busaidi bu gün telefon danışığı zamanı regional vəziyyət və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Postxronika.az xəbər verir ki, bu barədə İran XİN rəhbərinin “Telegram” kanalında məlumat yayılıb.
Tərəflər söhbət zamanı Hörmüz boğazında gəmiçiliklə bağlı son vəziyyəti və 60 günlük müddət üçün nəzərdə tutulan müvəqqəti mexanizmləri müzakirə ediblər.
Nazirlər bu sahədə koordinasiyanın, ikitərəfli məsləhətləşmələrin, eləcə də texniki və ekspert səviyyəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, İran və Oman XİN rəhbərləri İran nümayəndə heyətinin bu yaxınlarda Məsqətə səfərinin və keçirilən danışıqların nəticələrini müsbət qiymətləndirərək, diplomatik kanallar vasitəsilə məsləhətləşmələrin və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.