Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb.
Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təbrik müraciətində nazir bütün zabitləri, gizirləri, miçmanları, çavuşları, əsgər və dənizçiləri bu əlamətdar bayram münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara Vətənin müdafiəsi kimi şərəfli xidmətlərində uğurlar arzulayıb.
Müraciətdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən ordu quruculuğu siyasəti özünün ən yüksək mərhələsini yaşayır. Bildirilib ki, Ali Baş Komandanın qətiyyəti, xalqın birliyi və rəşadətli Ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsində və həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində tarixi qələbələr qazanılaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Nazir təbrikində Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, onların valideynlərinə, ailələrinə, eləcə də qazilərimizə cansağlığı diləyib.
Sonda general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinə möhkəm cansağlığı, ailə səadəti və döyüş hazırlığında, xidməti fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.