Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsi dramatik oyunlar və gərgin anlarla davam edir. Turnir çərçivəsində keçirilən növbəti qarşılaşmalarda Argentina və Kolumbiya yığmaları rəqiblərinə qalib gələrək növbəti mərhələyə adlayıblar.
Postxronika.az xəbər verir ki, Mayami stadionunda keçirilən Argentina - Kabo-Verde matçı cənubi amerikalıların 3:2 hesablı çətin qələbəsi ilə başa çatıb. Görüşün əsas vaxtı Lionel Messi (29) və Deroy Duartenin (59) qolları ilə 1:1 hesablı bərabərliklə yekunlaşıb. Əlavə vaxtda isə argentinalılardan Lisandro Martines (92), afrikalılardan isə Sidni Kabral (103) fərqlənib. Matçın taleyini 111-ci dəqiqədə Kabo-Verde oyunçusu Dineyin öz qapısına vurduğu avtoqol həll edib. 1/8 finala yüksələn Argentina iyulun 7-də Misir yığması ilə qarşılaşacaq.
Mərhələnin digər oyununda isə Kolumbiya millisi Qana yığmasını minimal 1:0 hesabı ilə üstələyib. Oyundan sonra keçirilən mətbuat konfransında Kolumbiyanın baş məşqçisi Nestor Lorenso bir neçə qol vəziyyətindən yararlana bilməsələr də, komandasının müdafiədəki intizamlı oyunundan razı qaldığını bildirib və 1/8 finaldakı rəqibləri İsveçrə ilə çox çətin bir matça çıxacaqlarını vurğulayıb.
Qana millisinin baş məşqçisi Karluş Keyroş isə rəqibin oyuna daha yaxşı nəzarət etdiyini etiraf edərək hücum xəttində son ötürmələrdə keyfiyyət çatışmazlığı yaşadıqlarını və ən yaxşı komandanın qalib gəldiyini qeyd edib.