Ukrayna qüvvələri gecə saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən iri neft terminalına kütləvi PUA zərbələri endirib.
Postxronika.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hədəfə alınan müəssisəni Rusiyanın müharibə gəlirlərini təmin edən əsas infrastruktur adlandırıb.
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov şəhərin kütləvi dron hücumuna məruz qaldığını və neft terminalının vurulduğunu təsdiqləyib. O, hadisə nəticəsində tələfatın olmadığını və bölgə üzərində 72 Ukrayna PUA-sının zərərsizləşdirildiyini bildirib. Ukrayna hərbçiləri isə terminalın ildə 12,5 milyon ton neft məhsulu istehsal edən, ölkənin ən böyük müəssisələrindən biri olduğunu, eyni zamanda Kronştadtdakı əsas hərbi dəniz bazasının da hədəfə alındığını qeyd ediblər.
Məlumata görə, rəsmi Kiyev son vaxtlar Rusiyanın enerji obyektlərinə hücumları intensivləşdirib. Ukrayna tərəfi bu zərbələr nəticəsində Rusiyanın neft emalı gücünün təxminən 43 faizinin sıradan çıxarıldığını iddia edir.