Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Postxronika.az  xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat təşkil edib. İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 10 milyard 266,3 milyon manat gəlir əldə edib. Bu vəsaitin 9 milyard 497 milyon manatı mənfəət neft-qazının satışından, 765,7 milyon manatı bonus ödənişləri və tranzitdən, 3,6 milyon manatı isə akrhesabı ödənişlərdən daxil olub.

​Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 8 milyard 292,9 milyon manat, "Şahdəniz" yatağından isə 958,8 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 6 milyard 894,1 milyon manat təşkil edib və gəlirlilik 6,2% olub.

​Hesabat dövründə ARNDF dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert edib. Bununla yanaşı, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 18,6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə isə 86,9 milyon manat yönəldilib. Fondun idarəetmə xərcləri 40,7 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 20 milyard 434 milyon manat təşkil edib.