Hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi, xidmət və məişət şəraitinin yaxşılaşdırılması, habelə sərhəd mühafizəsi sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib.

Postxronika.az qurumun rəsmi məlumatına istinadən xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış tədbirlərində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

​Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində həyata keçirilən genişmiqyaslı işlər nəticəsində müasir hərbi infrastrukturun yaradıldığını, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırıldığını və sərhəd mühafizəsinin etibarlılığının artırıldığını xüsusi vurğulayıb.

​Bildirilib ki, yeni Tədris Mərkəzində sərhəd nəzarəti sahəsində peşəkar kadrların hazırlanması məqsədilə müasir tədris sinifləri, ixtisaslaşdırılmış auditoriyalar, inzibati və yardımçı otaqlar yaradılıb, tədris prosesinin yüksək səviyyədə təşkili üçün zəruri baza formalaşdırılıb. Logistika Mərkəzində isə maddi-texniki təminatın daha operativ və səmərəli təşkilini asanlaşdıracaq yeni infrastruktur, inzibati binalar və anbar təsərrüfatı müasir standartlara uyğunlaşdırılıb.

​Tədbirlərin rəsmi hissəsi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzlərdə yaradılmış şəraitlə yaxından tanış olub, görülən işlərə yerində baxış keçirib.