Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində müddətli həqiqi hərbi xidməti başa vurmuş hərbi qulluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli tədbirlər keçirilib. Mərasimlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən təşkil olunub.

Postxronika.az xəbər verir ki, Döyüş bayrağının sıra meydanına gətirilməsi, Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirlərdə çıxış edənlər sərhədçilərin dövlət sərhədlərinin etibarlı mühafizəsində üzərlərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirdiklərini vurğulayıblar. Bildirilib ki, əsgərlərin xidmət dövründə nümayiş etdirdikləri nizam-intizam və vətənpərvərlik yüksək qiymətləndirilir.

​Xidmət dövründə fərqlənmiş hərbi qulluqçuların təltif edildiyi mərasimlərdə əsgərlər və onların valideynləri yaradılan nümunəvi şəraitə görə minnətdarlıqlarını ifadə ediblər. Tədbirlərin sonunda sərhədçi əsgərlər təntənəli şəkildə yola salınıblar.