Arıqlamaq məqsədilə sosial şəbəkələrdə reklam edilərək satılan bəzi çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında ciddi qanun pozuntuları aşkarlanıb.

Postxronika.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər zamanı “Slimluxcoffee_ariqladici_kofe”, “Vellara.baku” və “Spirulina_azerbaijan_official” “Instagram” hesablarından götürülən məhsul nümunələrinin laborator müayinəsi nəticəsində bir sıra məhsullarda insan sağlamlığı üçün təhlükəli olan sibutramin maddəsi müəyyən edilib.

AQTA bildirib ki, sibutramin ürək-damar xəstəlikləri, infarkt və insult riskini artırmaqla yanaşı, ciddi psixi pozuntulara da səbəb ola bilər və onun qida məhsulları ilə dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır.

Araşdırma zamanı həmin məhsulların ölkəyə şəxsi istifadə məqsədilə gətirildikdən sonra sosial şəbəkələr vasitəsilə qanunsuz satışa çıxarıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına müraciət olunub.