Azərbaycanda iyulun 9-na gözlənilən hava şəraiti açıqlanıb.
Postxronika.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Yarımadada havanın temperaturu gecə 19–23 dərəcə, gündüz 28–31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70–80 faiz, gündüz 55–65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda duman müşahidə ediləcək, qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturunun gecə 20–24 dərəcə, gündüz 30–35 dərəcə isti, dağlarda isə gecə 10–15 dərəcə, gündüz 20–25 dərəcə (bəzi yerlərdə 27–29 dərəcə) isti olacağı bildirilir.