ABŞ İrana qarşı yeni hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb. Vaşinqtonun məlumatına görə, iyulun 9-na keçən gecə keçirilən zərbələr zamanı 90 hədəf vurulub. İran mediası isə ölkənin cənubunda partlayışların baş verdiyini və Fars körfəzində yerləşən bir sıra ərazilərin hədəfə alındığını bildirib.

Postxronika.az xəbər verir ki, bu barədə BBC News Azərbaycanca məlumat yayıb.

Bundan sonra İran Qətər, Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarını hədəf aldığını bəyan edib. Körfəz ölkələri də öz ərazilərində hücumlarla bağlı məlumat yayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatların Hörmüz boğazında üç kommersiya gəmisinə edilən hücumlara cavab olaraq həyata keçirildiyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp İranın razılaşma əldə etmək istədiyini desə də, bunun mümkünlüyünə əmin olmadığını bildirib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə Vaşinqtonu atəşkəsi pozmaqda ittiham edərək ABŞ-ın hərəkətlərinin cavabsız qalmayacağını vurğulayıb.

Gərginlik fonunda Hörmüz boğazında təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib. İran rəsmiləri boğazda yeni qaydaların tətbiq ediləcəyini bəyan edərkən, ABŞ və bir sıra Körfəz ölkələri bölgədəki tanker hücumlarını pisləyərək bunu beynəlxalq dənizçiliyin və enerji təchizatının təhlükəsizliyinə təhdid kimi qiymətləndiriblər.