İyulun 9-da Qusar rayonunda Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 29-cu iclası keçirilib.
Postxronika.az xəbər verir ki, iclas Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev və Rusiyanın Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun həmsədrliyi ilə baş tutub.
Görüşdə hər iki ölkənin aidiyyəti dövlət qurumlarının, o cümlədən Azərbaycanın Xarici İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
İclasda Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və qarşılıqlı əməkdaşlığın digər aktual istiqamətləri müzakirə olunub. Görüşün yekununda həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.