İqlim dəyişiklikləri, beynəlxalq ticarət və insanların fəaliyyəti nəticəsində müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da invaziv növlərin yayılması biomüxtəliflik üçün potensial risklərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, belə növlər yerli flora və faunanı sıxışdıraraq ekoloji tarazlığa mənfi təsir göstərə bilər.
Postxronika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, Azərbaycan Cənubi Qafqazın ən zəngin flora müxtəlifliyinə malik ölkəsidir. Respublikada 4 500 ali bitki növü mövcuddur. Onlardan 240-ı Azərbaycan, 920-si isə Qafqaz üçün endemik növlərdir. Bu zəngin biomüxtəlifliyin qorunması invaziv növlərin yayılmasının qarşısının alınmasını da zəruri edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun tədqiqatları göstərir ki, ölkənin invaziv florasına dair ilk geniş araşdırmalardan birində monitorinq tələb edən 64 yad bitki növü müəyyən edilib. Nəşrdə bu növlərin yayılma arealları və bioloji xüsusiyyətləri haqqında məlumat verilib.
Mütəxəssislər qeyd edirlər ki, invaziv bitkilər işıq, su və qida maddələri uğrunda rəqabətdə üstünlük qazanaraq yerli bitki növlərinin yayılmasını məhdudlaşdıra bilir. Bu isə öz növbəsində həmin bitkilərdən asılı olan həşərat və digər canlıların yaşayış mühitinə də təsir göstərir.
Qeyd edək ki, Azərbaycanın fauna müxtəlifliyi də kifayət qədər zəngindir. Ölkədə 14 min növ həşərat, 104 növ balıq, 11 növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ quş və 115 növ məməli qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, bu biomüxtəlifliyin qorunması üçün yad növlərin vaxtında aşkar edilməsi və davamlı monitorinq xüsusi əhəmiyyət daşıyır.