Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub.

Postxronika.az "Report"a istinadən xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Məlumat üçün bildirək ki, “Yasəmən” hotelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Hotelin eksteryer və interyeri Şuşanın orta əsr üslubuna uyğun layihələndirilib.

XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbi tərzində inşa edilən və işğal dövründə dağıdılan bina orijinal görkəminə uyğun bərpa edilib. Hazırda hotelin yeni korpusları olan daha 4 binada Heydər Əliyev Fondu tərəfindən bərpa və tikinti işləri həyata keçirilib.

Bərpa layihəsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülüb. Butik konseptli yeni korpuslarda aynabənd və terras zonaları yaradılıb, qapı və pəncərələr arxiv fotoşəkillərinə əsasən orijinal üslubda yenidən hazırlanıb. Həmçinin həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb.