Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə qarşı məkrli niyyətləri olan qüvvələrlə mübarizənin heç zaman bitməyəcəyini vurğulayıb. 

Postxronika.az "Report"a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Şuşada işə başlayan IV Qlobal Media Forumunun açılış mərasimində danışıb. Dövlət başçısı dünyanın dəyişdiyini, yeni təhdidlərin və təxribatların ortaya çıxdığını bildirib:

"Biz gələcəyə baxmalıyıq, dünya dəyişir, yeni təhdidlər və təxribatlar ortaya çıxır. Kimsə fikirləşirsə ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, bu heç vaxt olmayacaq, bu mübarizə daimi olmalıdır. Mübarizə öz hüquqlarımızı və milli kimliyimizi qorumaq üçündür, mübarizə öz müstəqilliyimiz öz əlimizdə saxlamaq üçündür. Bir çox misallar var ki, bəzi ölkələr və onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq, amma nəticə etibarilə qurban olurlar, böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntı görüb, həm zəfər, həm də bərpa görüb və bunun iştirakçısıdır".

Milli ləyaqətin və kimliyin hər cür şərtdən üstün tutulmasının vacibliyini qeyd edən ölkə rəhbəri fikirlərini bu cür davam etdirib:

"Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən, sınmayasan, heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diqtəsi ilə oturub durmayasan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvə-nəticələrinə bunu aşılayasan. Ona görə də bizim gələcək inkişafımız gənc nəsillə bağlı olacaq. Onlar da bizim kimi vətənə bağlı, mətin, iradəli, güclü olmalıdır ki, Azərbaycan da daim yüksəklərdə olsun".