ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə görə bu marşrutla daşınan bütün yüklərin dəyərinin 20 faizi həcmində ödəniş alacağını açıqlayıb.

Postxronika.az xəbər verir ki, Tramp bununla bağlı “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Hörmüz boğazı İranın iştirakından asılı olmayaraq açıq qalacaq. Prezidentin sözlərinə görə, tətbiq ediləcək blokada yalnız İranın və onunla əlaqəli hesab edilən gəmilərin boğaza giriş və çıxışını əhatə edəcək, digər ölkələrin isə bu marşrutdan sərbəst istifadə etməsinə maneə olmayacaq.

Donald Tramp qeyd edib ki, ABŞ bundan sonra özünü “Hörmüz boğazının qoruyucusu” kimi təqdim edəcək. O vurğulayıb ki, əldə olunacaq vəsait regionda təhlükəsizliyin və müdafiənin təmin olunması ilə bağlı xərclərin qarşılanmasına yönəldiləcək.

ABŞ Prezidenti əlavə edib ki, bu məqsədlə müvafiq mexanizmin yaradılması prosesi dərhal başlanacaq.