2025-ci ildə dünyada bərpaolunan enerji sahəsində yeni quraşdırılmış güclərin həcmi 693 giqavata çataraq son 25 ilin ən yüksək göstəricisi olub.

Postxronika.az xəbər verir ki, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatında bildirilib.

Hesabata əsasən, ötən ilin yekununda dünyada bərpaolunan enerji güclərinin ümumi həcmi 5,2 teravata yüksəlib. Bu, qlobal enerji istehsalı güclərinin 49,5 faizini təşkil edir.

Məlumata görə, 2025-ci ildə istifadəyə verilən yeni enerji güclərinin 85,7 faizi bərpaolunan enerji mənbələrinin payına düşüb. Bu göstərici 2024-cü ildə qeydə alınan 92,7 faizdən aşağı olsa da, IRENA bərpaolunan enerji sektorunun artım tempinin ənənəvi enerji mənbələrini hələ də üstələdiyini vurğulayıb.

IRENA-nın Baş direktoru Françesko La Kamera bildirib ki, elektrikləşdirmə qlobal enerji keçidinin əsas istiqamətlərindən birinə çevrilib və bu prosesdə əsas rol bərpaolunan enerji mənbələrinə məxsusdur. Onun sözlərinə görə, alternativ enerji həm enerji təhlükəsizliyini və dayanıqlılığı artırır, həm də ölkələrin rəqabət qabiliyyətini gücləndirir. Bu səbəbdən qarşıdakı onillikdə bərpaolunan enerji istehsalı daha da sürətləndirilməli, binalar, nəqliyyat və sənaye sektorlarında ənənəvi yanacaqlardan alternativ enerji mənbələrinə keçid genişləndirilməlidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcra katibi Saymon Stil isə COP30 çərçivəsində bütün ölkələrin qlobal enerji keçidinin artıq geri dönülməz mərhələyə qədəm qoyduğunu təsdiqlədiyini deyib. O bildirib ki, bərpaolunan enerji istehsalında qeydə alınan rekord artım təmiz enerjiyə keçidin daha ucuz, daha təhlükəsiz və daha sürətli həyata keçirildiyini göstərir. Bununla yanaşı, Saymon Stil enerji keçidinin hazırkı tempinin kifayət etmədiyini vurğulayaraq, xüsusilə iqlim dəyişikliklərindən daha çox təsirlənən ölkələrə dəstəyin artırılmasının və iqlim maliyyəsi üzrə götürülmüş öhdəliklərin tam, vaxtında yerinə yetirilməsinin vacibliyini qeyd edib.