Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.

Postxronika.az xəbər verir ki, iyulun 19-dək davam edəcək mövsümün dördüncü reytinq turnirində Azərbaycanı ümumilikdə 21 güləşçi təmsil edəcək.

Yarışa ilk olaraq sərbəst güləşçilər çıxacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.

Daha sonra yarış qadın güləşçilərin mübarizəsi ilə davam edəcək. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Nərgiz Səmədova və Əsmər Cankurtaran (hər ikisi 53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzazadə (68 kq) medallar uğrunda yarışacaqlar.

Yunan-Roma güləşi üzrə isə Azərbaycanı Elmir Əliyev (60 kq), Murad Məmmədov və Sakit Quliyev (hər ikisi 63 kq), Məhəmməd Şükürzadə (67 kq) və Arif Niftullayev (97 kq) təmsil edəcək. Komandanın məşqçilər korpusunda böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramov yer alır.

Turnirin ilkin qarşılaşmaları hər gün Bakı vaxtı ilə saat 12:30-da, medal uğrunda görüşlər isə saat 20:00-da başlayacaq.

Yarışlarda Azərbaycanı hakim kimi I-S kateqoriyalı referi Asif Şirəliyev təmsil edəcək.