Sabahdan etibarən paytaxtın Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdiriləcək.
Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir və daha əvvəl Koroğlu Rəhimov küçəsi ilə Xətai prospektində icra olunan layihələrin davamıdır.
Yeni hərəkət sxeminə əsasən, Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri bundan sonra yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirə biləcəklər.
AYNA-nın məlumatına görə, dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə endiriləcək. Bu isə nəqliyyat vasitələrinin orta gözləmə müddətini təxminən 40 saniyə azaldacaq və kəsişmənin ötürücülük qabiliyyətini artıracaq. Layihənin Koroğlu Rəhimov küçəsi, Xətai prospekti, Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektində hərəkətin daha rahat təşkilinə müsbət təsir göstərəcəyi qeyd olunub.
Layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək. Bu zolaq ümumi nəqliyyat axınına mane olmadan avtobusların yalnız sağa – Təhsil Nazirliyi istiqamətində hərəkətini təmin edəcək. Həmçinin Dəmirçizadə küçəsində mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.