Rusiyanın bir sıra bölgələrində yağan güclü yağışlar nəticəsində daşqınlar baş verib, yaşayış məntəqələri su altında qalıb və nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Postxronika.az xəbər verir ki, ən ağır vəziyyət Krasnodar diyarında qeydə alınıb. Güclü yağışlar Soçi və Daqomıs şəhərlərində küçələri və həyətləri su altında qoyub.

Udmurtiyanın Qlazov şəhərində lokal fövqəladə vəziyyət elan edilib. Sıqa çayında suyun səviyyəsinin artması nəticəsində 200-dən çox yaşayış evi və bina subasmaya məruz qalıb, 30 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

İrkutsk vilayətində daşqınlar Perevoz kəndi ilə nəqliyyat əlaqəsini kəsib. Dağılmış körpü və yüksək su səviyyəsi səbəbindən bərə xidməti dayandırılıb, bir neçə qızıl mədəninin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Sverdlovsk vilayətində isə 20 bələdiyyədə 362 yaşayış evi və 1760 bağ sahəsi su altında qalıb. Bölgədə 67 nəfər, o cümlədən 21 uşaq təhlükəsiz ərazilərə köçürülüb.

Rusiya Fövqəladə Hallar Nazirliyi davam edən leysan yağışları səbəbindən suyun səviyyəsinin daha da yüksələ biləcəyi barədə xəbərdarlıq edib.