Qazaxıstan Respublikasının Baş Nəqliyyat Prokurorluğu ilə Qazaxıstan-Britaniya Texniki Universiteti (KBTU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Postxronika.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, memorandum prokurorluğun praktiki təcrübəsi ilə universitetin elmi potensialını bir araya gətirən uzunmüddətli əməkdaşlığın əsasını qoyur.

Əməkdaşlıq çərçivəsində Mərkəzi Asiyada dənizçilik sahəsi üzrə beynəlxalq səviyyədə tanınan mütəxəssislər hazırlayan yeganə ixtisaslaşmış ali təhsil müəssisəsi olan KBTU-nun imkanlarından geniş istifadə nəzərdə tutulur.

Universitetin naviqasiya təhlükəsizliyi, su nəqliyyatı əməliyyatları, liman infrastrukturunun inkişafı, eləcə də milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasında fəal iştirak etməsi planlaşdırılır.

Baş Nəqliyyat Prokurorluğu qeyd edib ki, beynəlxalq logistika dəhlizlərinin genişləndiyi və Qazaxıstanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) rolunun artdığı bir dövrdə hüquq-mühafizə orqanlarının elmi ictimaiyyətlə sıx əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.