Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə nüfuzlu reytinq turniri davam edir. Yarışın ikinci günündə sərbəst güləş üzrə Azərbaycan milli komandasının iki üzvü fəxri kürsüyə qalxmağı bacarıb.

Postxronika.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Ali Tsokayev ardıcıl olaraq amerikalı Dastin Plotu (8:6), bəhreynli Maqomed Şaripovu (2:0) və türkiyəli Fatih Altunbaşı (11:0) məğlub edərək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada ukraynalı rəqibi Muxammed Aliyev zədə səbəbindən xalçaya çıxa bilmədiyi üçün Ali karyerasında ilk dəfə reytinq turnirinin qalibi elan olunub. Bununla da təmsilçimiz cari ildə qatıldığı hər üç yarışda qızıl medal qazanaraq möhtəşəm seriyasını davam etdirib.

​Digər təmsilçimiz Cəbrayıl Hacıyev (79 kq) isə qazaxıstanlı Şamsat Tahir (2:0) və gürcüstanlı Luka Çxitunidzeyə (5:3) qalib gələrək finala yüksəlsə də, həlledici görüşdə monqolustanlı Suldxuu Olonbayara məğlub olaraq (0:5) gümüş medalla kifayətlənib.

​Milli komandamızın digər üzvlərindən Osman Nurmaqomedov (97 kq) 1/8 finalda polşalı Zbiqniev Baranovskiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. 125 kq çəki dərəcəsində mübarizə aparan Giorgi Meşvildişvili polşalı Robert Baran (3:1) və amerikalı Demetrius Toması üstələsə də, zədələndiyi üçün 1/4 final görüşünə çıxa bilməyib. Qadın güləşçimiz Gültəkin Şirinova (55 kq) isə təsnifatda ukraynalı Natalya Klivçutska ilə görüşdə (1:5) uduzub, təsəlliverici mərhələdə qazaxıstanlı Aynur Aşimovaya tam üstünlüklə (11:0) qalib gəlsə də, bürünc medal uğrunda həlledici qarşılaşmada kanadalı Karla Qonzalesə məğlub olub (0:5).