Slovakiya qaz təchizatı məsələsində Azərbaycana əsas tərəfdaş kimi baxır.
Postxronika.az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib.
Slovakiya Prezidenti vurğulayıb ki, Şərqi Avropada Rusiya və Ukrayna arasında münaqişənin başlamasından və bunun ardınca gələn enerji böhranından sonra Bakı dərhal Bratislavaya müxtəlif marşrutlar vasitəsilə təbii qazın tədarükünü təklif edib:
"Məhz Azərbaycan dərhal bizə tutumların bir hissəsini həm 'Türk axını', həm də Bolqarıstan və İtaliyadan keçməklə Avstriyaya uzanan digər marşrutlar vasitəsilə təklif etdi. Biz Azərbaycandan qaz aldıq. Ancaq indi hansısa uzunmüddətli həll yolu axtarırıq, çünki Azərbaycandan Mərkəzi Avropaya qaz tədarükü üzrə təklif var".
O vurğulayıb ki, Avropa İttifaqı 2027-ci ildən sonra Rusiya qazını almağı dayandırmaq istəyir. Bu səbəbdən Slovakiya qaz tədarükünü diversifikasiya etmək niyyətindədir və Azərbaycanı bu məsələdə əsas oyunçulardan biri kimi nəzərdən keçirir.
P. Pelleqrini Bakı və Bratislava arasında bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin formalaşdığını qeyd edərək əlavə edib ki, bu əməkdaşlıq müxtəlif sahələri, o cümlədən müdafiə sənayesini də əhatə edir:
"Bu gün biz müdafiə nazirimizlə yeni hərbi avadanlıqların istehsalı üzrə birgə layihəni müzakirə etdik. Bu, hər iki ölkənin şirkətləri tərəfindən istehsal ediləcək və daha sonra Azərbaycan vasitəsilə yeni bazarlara çıxaraq hər iki tərəfə fayda gətirə biləcək".