COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun sədrliyi ilə D-8 təşkilatına üzv ölkələrin ətraf mühit və iqlim üzrə məsul nümayəndələrinin nazirlər görüşü İstanbulda keçirilib.
Postxronika.az xəbər verir ki, görüşdə Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan, Azərbaycan və Türkiyənin nümayəndələri iştirak ediblər.
Murat Kurum bildirib ki, COP31-ə hazırlıq dövründə keçirilən bu görüş D-8 ölkələri arasında ətraf mühit və iqlim sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, nazirlər iqlim dəyişikliyinə uyğunlaşma, itki və zərər, iqlim maliyyəsi, ədalətli keçid və təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Nazirlər iqlim dəyişikliyinin artıq yalnız gələcək üçün risk deyil, iqtisadi inkişaf, ərzaq və enerji təhlükəsizliyi, şəhərlər və cəmiyyətlərin rifahına birbaşa təsir göstərən qlobal problem olduğunu vurğulayıblar. Onlar iqlim sahəsində verilən öhdəliklərlə onların icrası arasında hələ də ciddi fərqlərin qaldığını bildiriblər.
Kurum qeyd edib ki, görüşün yekununda qəbul olunması gözlənilən İstanbul Bəyannaməsi D-8 ölkələrinin ətraf mühit və iqlim sahəsində ortaq mövqeyini əks etdirəcək və COP31 prosesinə mühüm töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan 2024-cü il dekabrın 19-da D-8 təşkilatının doqquzuncu üzvü seçilib.