Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini elan edib.
Postxronika.az xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41 623 abituriyentdən (II qrup üzrə 18 908 nəfər, III qrup üzrə 22 715 nəfər) 1 182-si imtahanda iştirak etməyib. İmtahan qaydalarını pozan 16 nəfərin isə nəticəsi ləğv olunub.
İkinci ixtisas qrupu üzrə imtahanın ikinci mərhələsində ən yüksək nəticəni — 400 balı Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 277.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 35 saylı orta məktəbin məzunu Kərimov Zamin Ramin oğludur (birinci mərhələdə 297.5, ikinci mərhələdə 392.5 bal).
Üçüncü ixtisas qrupu üzrə imtahanda ən yüksək nəticəni (400 bal) 3 nəfər – Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Məmmədzadə Əli Musa oğlu, Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Məmmədova Aydan İxtiyar qızı və Abşeron rayonu Saray qəsəb 1 saylı orta məktəbin məzunu Mənsimli Orxan Zaur oğlu göstərib. Hər iki mərhələnin cəminə görə 689.6 bal toplamaqla III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyent isə Məmmədzadə Əli Musa oğludur (birinci mərhələdə 289.6 bal).
Nəticələrdən narazı qalan abituriyentlər üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər iyulun 20-si saat 10:00-dan iyulun 22-si saat 17:00-dək DİM-in rəsmi saytında elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddətdən sonra müraciətlər qəbul edilməyəcək.