Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanında dörd abituriyentin maksimal 400 bal topladığını açıqlayıb.
Postxronika.az xəbər verir ki, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni — 400 balı Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu göstərib. O, imtahanın birinci mərhələsində isə 277.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə bu qrup üzrə 690 bal toplamaqla ən yüksək ümumi nəticəyə Sumqayıt şəhəri 35 saylı orta məktəbin məzunu Kərimov Zamin Ramin oğlu imza atıb (birinci mərhələdə 297.5, ikinci mərhələdə 392.5 bal).
Üçüncü ixtisas qrupu üzrə imtahanda isə üç nəfər maksimal 400 bal toplamağa müvəffəq olub. Bu nəticəni Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Məmmədzadə Əli Musa oğlu, Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Məmmədova Aydan İxtiyar qızı və Abşeron rayonu Saray qəsəbə 1 saylı orta məktəbin məzunu Mənsimli Orxan Zaur oğlu göstəriblər.
Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə lider isə 689.6 bal toplamaqla Məmmədzadə Əli Musa oğlu olub. O, imtahanın birinci mərhələsində 289.6 bal yığıb. Digər maksimal bal toplayanlardan Məmmədova Aydan imtahanın birinci mərhələsində 279.6, Mənsimli Orxan isə 276.1 bal toplayıb.