Qazaxıstan Vyanada keçirilən Avstriya-Qazaxıstan Qarşılıqlı Əlaqəlilik Platformasının iclasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı ilə bağlı yeni logistik imkanları təqdim edib.

Postxronika.az xəbər verir ki, bu barədə “Qazaxıstan Temir Jolı” Milli Şirkəti ASC məlumat yayıb.

Şirkətin İdarə Heyəti sədrinin müavini Anuar Axmetjanov çıxışı zamanı nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması, logistik zəncirlərin inteqrasiyası və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.

Bildirilib ki, hazırda Çinlə Avropa arasında quru dəmir yolu daşımalarının təxminən 85 faizi Qazaxıstan ərazisindən keçir. Son beş ildə isə tranzit daşımalarının həcmi 60 faiz artıb.

Tədbirdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı əsas müzakirə mövzularından biri olub. Qeyd edilib ki, “Qazaxıstan Temir Jolı” beynəlxalq tərəfdaşları ilə birlikdə infrastrukturda mövcud olan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması, müxtəlif ölkələrdə yerləşən terminalların vahid şəbəkədə birləşdirilməsi və logistik əməliyyatların tam rəqəmsallaşdırılması istiqamətində işlər aparır.

Şirkətin məlumatına əsasən, sənəd dövriyyəsinin rəqəmsal formata keçirilməsi yüklərin emal müddətini bir neçə saatdan bir neçə dəqiqəyədək azaltmağa imkan verib. Bunun Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun qlobal bazarda etibarlı, şəffaf və rəqabətqabiliyyətli nəqliyyat dəhlizi kimi mövqeyini daha da gücləndirdiyi vurğulanıb.