Azərbaycan ilə Rusiya arasında 2024-cü ilin dekabrında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra dayandırılan bir sıra birbaşa aviareyslərin yaxın vaxtlarda bərpa olunacağı gözlənilir.


Postxronika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında deyib.


Nazir bildirib ki, görüşdə ticari-iqtisadi və investisiya əməkdaşlığı məsələləri müzakirə olunub. O qeyd edib ki, hökumətlərarası komissiyanın növbəti iclasının ilin sonunadək keçirilməsi planlaşdırılır. Həmçinin sentyabr ayında Baş nazirin müavini Şahin Mustafayevlə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk arasında görüşün keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.


Ceyhun Bayramov çıxışında Azərbaycanın “3+3” regional əməkdaşlıq platformasına dəstəyini də bir daha ifadə edib. O bildirib ki, Bakı növbəti görüşə ev sahibliyi etməyə hazırdır və bu təklif qüvvədə qalır.