Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Postxronika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində on beşmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində binanın şaxta boyunca elektrik naqilləri yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində yanğınsöndürənlər tərəfindən 6-sı uşaq olmaqla ümumilikdə 18 bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb, mənzillər və yaşayış binasının qalan hissəsi yanğından mühafizə edilib.