Ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiyanın bir çox regionuna kütləvi hücum təşkil olunub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiya vilayətləri, həmçinin Azov və Qara dəniz suları üzərində Ukraynanın 379 dronunu vurub.
Postxronika.az xəbər verir ki, hücumlar nəticəsində Tambov və Moskva vilayətlərində ciddi dağıntılar, ölən və yaralananlar qeydə alınıb. Tambov vilayətinin qubernatoru Yevgeni Pervışovun verdiyi məlumata görə, "Wildberries" logistika mərkəzinə endirilən dron zərbəsi nəticəsində 7 nəfər həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hücumda istifadə olunan dronların daha çox insan tələfatına səbəb olmaq üçün xüsusi qəlpəli elementlərlə təchiz edildiyi bildirilir.
Moskva meri Sergey Sobyanin iyulun 17-si axşam saatlarından iyulun 18-i səhərədək Moskva vilayəti istiqamətində azı 370 dronun qeydə alındığını açıqlayıb. Hücumların fəsadları barədə vilayət qubernatoru Andrey Vorobyov bildirib ki, Noginsk yaxınlığında dron qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın baş verib. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı doğum evi təxliyə edilib, 22 ana və 7 körpə təhlükəsiz yerə köçürülüb. Elektrostal şəhərində isə dron hissələri "Wildberries" şirkətinə məxsus anbara ziyan vurub. Ümumilikdə Moskva vilayətinə edilən hücumlar nəticəsində 26 nəfər tibbi yardıma müraciət edib.
Dron hücumları Rusiyanın Rostov, Voronej, Tula, Leninqrad və bir çox digər vilayətlərində də qeydə alınıb. Rostov vilayətində 30-a yaxın, Voronejdə 10, Tula və Leninqrad vilayətlərinin hər birində isə 6 dron məhv edilib. Voronejdə dron qalıqlarının düşməsi nəticəsində fərdi yaşayış evi dağılsa da, ilkin məlumatlara görə, bu bölgələrdə can itkisi qeydə alınmayıb.