Almaniyada nəşr olunan nüfuzlu “Cicero” jurnalında “Mərkəzi Asiyaya açılan qapı – Avropa Cənubi Qafqazı niyə yenidən kəşf edir?” sərlövhəli məqalə dərc olunub.
Postxronika.az xəbər verir ki, məqalədə pandemiya, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik fonunda Avropanın Cənubi Qafqaza münasibətinin dəyişdiyi, regionun enerji, nəqliyyat və təhlükəsizlik baxımından strateji əhəmiyyət qazandığı vurğulanır.
Müəllif Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artdığını qeyd edir. Bildirilir ki, hazırda Azərbaycan Avropa İttifaqına ildə 13 milyard kubmetr təbii qaz ixrac edir və bu göstəricinin 2027-ci ilədək ən azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Həmçinin Azərbaycanın 16 ölkəyə, o cümlədən Aİ-nin 10 üzv dövlətinə qaz ixrac etdiyi diqqətə çatdırılır.
Yazıda Orta Dəhlizin Avropa ilə Mərkəzi Asiya arasında ən etibarlı tranzit marşrutlarından birinə çevrildiyi, Azərbaycanın isə bu marşrutun əsas həlqəsi olduğu qeyd edilir. Bildirilir ki, Avropa İttifaqı bu dəhlizi “Global Gateway” strategiyasının mühüm layihələrindən biri hesab edir.
Məqalədə, həmçinin Avropa İttifaqının Azərbaycanla nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığı genişləndirmək niyyətində olduğu, Almaniyanın da regiona marağının artdığı vurğulanır. Müəllif Prezident Frank-Valter Ştaynmayerin ötən il Azərbaycana səfərini və Kansler Fridrix Mertsin Prezident İlham Əliyevi Almaniyaya rəsmi səfərə dəvət etməsini bu əməkdaşlığın göstəricisi kimi qiymətləndirir.