Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı” təşkil olunub.
Postxronika.az xəbər verir ki, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir iyulun 17-də baş tutub.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı İlqar Fəhmi tədbiri açaraq Vaqif Poeziya Günlərinin əhəmiyyətindən danışıb. Daha sonra proqram AYB-nin Poeziya seksiyasının sədri, şair İbrahim İlyaslı və AYB-nin Gənclər Şurasının sədri, yazar Fərid Hüseynin moderatorluğu ilə davam edib.
Ədəbi-bədii gecədə şairlər Səlim Babullaoğlu, Rəsmiyyə Sabir, Məhəmməd Turan, İntiqam Yaşar, Narıngül Nadir, Gəray Göyyurd, Mustafa Rasimoğlu, Elşad Ərşadoğlu, Hafiz Hacıxəlil, Nadir Yalçın, Güləmail Murad, Xatirə Fərəcli və digər müəlliflər öz şeirlərini səsləndiriblər.
Tədbir çərçivəsində qiraətçilərin ifasında Azərbaycan poeziyasının klassik nümunələri də təqdim olunub. Poeziya axşamında səsləndirilən poetik əsərlər tarzən Səxavət Məmmədovun musiqi müşayiəti ilə təqdim edilib.