ABŞ kəşfiyyatı İranın Körfəz regionunda Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ/CIA) məxsus obyektlərə etdiyi PUA hücumlarında Rusiyanın iştirakını araşdırır.
Postxronika.az xəbər verir ki, kəşfiyyat analitiklərinin ehtimalına görə, Rusiya İrana hədəflərin müəyyənləşdirilməsi məlumatlarını və ya qabaqcıl dron texnologiyalarını vermiş ola bilər. Rəsmi olaraq qəti nəticəyə gəlinməsə də, hücumların yüksək dəqiqliyi və Moskvanın Tehrana geniş texniki dəstəyi əsas şübhə mənbəyi kimi göstərilir.
Məlumata görə, mart ayında azı iki MKİ obyekti vurulub. Bunlardan biri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı ABŞ səfirliyində yerləşən mərkəz, digəri isə İraqın şərqindəki gizli bazadır. Qərb rəsmilərinin fikrincə, Ər-Riyaddakı hücumda Rusiyanın təkmilləşdirdiyi iki "Şahed" dronundan istifadə edilib. Dronlardan biri səfirliyin xarici divarını dağıdıb, ikincisi isə həmin boşluqdan keçərək içəridə partlayıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Mənbələr qeyd edir ki, Rusiya "Şahed-136" dronlarının dəqiqliyini artırmaq üçün İrana müdaxiləyə davamlı olan "Kometa-M" peyk naviqasiya sistemi tədarük edib. Lakin Kreml əvvəllər bu iddiaları "yalan xəbər" adlandıraraq təkzib edib.