Azərbaycanlı jurnalistlər Qırğızıstanın İssık-Kul vilayətinin turizm potensialı ilə tanış olublar.

Postxronika.az xəbər verir ki, Azərbaycan mediasının nümayəndələri Qırğızıstana mediaturun ikinci günündə İssık-Kul vilayətinin turizm və mədəniyyət obyektlərini ziyarət ediblər.

Proqram Qara-Oy kəndinə səfərlə başlayıb, burada jurnalistlər regionun məşhur sağlamlıq obyektlərindən biri – isti mineral bulaqlarla tanış olublar.

Daha sonra nümayəndə heyəti Ümumdünya Köçəri Oyunlarının keçirildiyi məkan kimi geniş şöhrət qazanmış, İssık-Kul vilayətinin ən mənzərəli yerlərindən biri olan Kırçın dərəsinə yollanıb.

Jurnalistlərə oyunların iştirakçıları və qonaqları üçün qurulan çadır şəhərciyi nümayiş etdirilib, həmçinin Qırğızıstanda beynəlxalq etnomədəni forumun keçirilməsi tarixi barədə məlumat verilib.

Mediatur iştirakçılarına həmçinin qırğızların ənənəvi "salburun" ovçuluq növü təqdim olunub. Bu ovçuluq növünə yırtıcı quşlarla və qırğız tazıları – tayqanlarla ov daxildir.

"Salburun" Federasiyasının prezidenti Almazbek Akunov jurnalistlərə bildirib ki, təşkilatın əsas məqsədi milli mədəni irsin vacib bir hissəsi kimi "salburun"un populyarlaşdırılması və qorunub saxlanılması, eləcə də bu biliklərin gənc nəslə ötürülməsidir. Onun sözlərinə görə, Azərbaycanda da bu milli idman növünə maraq göstərilir: azərbaycanlı idmançılar "salburun"la tanış olmaq və təcrübə mübadiləsi aparmaq üçün Qırğızıstana gəlmişdilər.

Bundan əlavə, Azərbaycan mediasının nümayəndələri üçün milli atüstü oyunlar və şahin ovu üzrə nümunəvi çıxışlar təşkil olunub.

Qeyd edək ki, səfər informasiya və humanitar sahələrdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarovun tapşırığı ilə dövlət başçısının mətbuat katibi Askat Alaqozov tərəfindən təşkil edilib.