UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın MOİK (Sofiya) komandası ilə qolsuz heç-heçə edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmanı şərh edib.

Postxronika.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunun gərgin keçdiyini və güclü rəqibə qarşı mübarizə apardıqlarını bildirib.

Qurbanov hava şəraitinin matça müəyyən qədər təsir göstərdiyini deyib: “Şərtlər hər iki komanda üçün eyni idi. Amma futbolçular daha çox enerji sərf etdilər. İsti havada oynamaq çətindir. Həm futbolçular, həm də azarkeşlər üçün sərin hava daha əlverişli olardı”.

Baş məşqçi uzun müddətdir start heyətində yer almayan Elvin Cəfərquliyevin vəziyyətinə də toxunub. O bildirib ki, komandada müəyyən disbalans mövcuddur və futbolçunun gələcək durumu qarşıdakı günlərdə dəqiqləşəcək: “Bizimlə qalsa, start heyətində də yer ala bilər. Bu, bütün futbolçulara aiddir”.

Qurban Qurbanov vurğulayıb ki, komanda hər mövsüm öz üzərində daha çox işləməyə çalışır: “Rəqiblər hər il fərqli olur, bizim heyət də dəyişir. Biz həmişə düşündüyümüz “Qarabağ”dan daha yaxşı olmağa çalışırıq. Sağ olsunlar ki, bütün rəqiblər bizə ciddi və hörmətlə yanaşırlar. Bunu hiss etdiyimiz üçün daha da inkişaf etməyə çalışırıq”.

Mütəxəssis rəqibin çıxışını da yüksək qiymətləndirərək MOİK-in göstərdiyi oyunun nəticəyə uyğun olduğunu söyləyib. Onun sözlərinə görə, səfərdə qazanılan heç-heçə pis nəticə sayılmır və rəqib daha çox nümayiş etdirdiyi oyuna görə sevinirdi.

Qurbanov cavab görüşünün daha çətin keçəcəyini qeyd edib: “Cavab oyununda daha səliqəli oynamalıyıq. Rəqibin yaxşı baş məşqçisi var. Həm yaxşı futbolçu olub, həm də indi uğurlu mütəxəssisdir. Daim fərqli taktikalardan istifadə edir və komandası ilə səmərəli işləyir. Düşünürəm ki, Sofiyada maraqlı oyun olacaq. Çalışacağıq ki, azarkeşlər də oyundan zövq alsınlar”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada keçiriləcək. Bu cütün qalibi UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsində “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.