Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı energetika, maliyyə və kriptovalyuta sektorlarını hədəf alan 21-ci sanksiyalar paketini yekun olaraq təsdiqləyib.
Postxronika.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Bildirilib ki, yeni sanksiyalar paketi Rusiya iqtisadiyyatı və Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində mühüm rol oynayan sahələrə qarşı sərt iqtisadi məhdudiyyətləri əhatə edir.
Bununla yanaşı, Aİ sanksiya siyahısını 48 fiziki şəxs və 170 təşkilat əlavə etməklə ümumilikdə 218 mövqe üzrə genişləndirib. Məlumata görə, bu, son dörd ildə qəbul edilən ən geniş fərdi sanksiyalar paketidir.
Aİ qeyd edib ki, yeni məhdudiyyətlər Rusiyanın Ukraynanın enerji infrastrukturu, mülki və tibb obyektləri, eləcə də mədəniyyət və dini müəssisələrə son hücumlarından sonra ölkənin iqtisadi və hərbi potensialını daha da zəiflətmək məqsədi daşıyır.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, hər yeni sanksiyalar paketi ilə Rusiyaya qarşı təzyiq daha da artırılır.
Brüssel, həmçinin vurğulayıb ki, Ukraynada ədalətli və uzunmüddətli sülhə gətirib çıxaracaq məzmunlu danışıqların başlanması və müharibənin dayandırılması məqsədilə Moskvaya qarşı iqtisadi təzyiqin saxlanılması və gücləndirilməsi davam etdiriləcək.