“Temu” kimi beynəlxalq onlayn alış-veriş platformalarının sürətlə yayılması Azərbaycandakı iri ticarət mərkəzlərinin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Postxronika.az xəbər verir ki, iqtisadçı Elçin Rəşidovun sözlərinə görə, bu tendensiya davam edərsə, “Sədərək” və “Binə” kimi iri bazarlar ciddi böhranla üzləşə bilər.
Ekspert bildirib ki, ənənəvi mağazalar fəaliyyətləri zamanı vergi və gömrük rüsumları ödədikləri halda, onlayn sifarişlərin bir qismi mövcud güzəştlərdən yararlanaraq bu xərclərdən yayınır. Onun fikrincə, bu vəziyyət bazarda qeyri-bərabər rəqabət mühiti yaradır.
Elçin Rəşidov qeyd edib ki, mövcud vəziyyət dəyişməzsə, gələcəkdə “Sədərək” və “Binə” kimi iri bazarların fəaliyyətini dayandırması, nəticədə isə minlərlə insanın işsiz qalması riski yarana bilər.
İqtisadçı hesab edir ki, problemin həlli üçün elektron ticarət sahəsində də ədalətli vergi və gömrük mexanizmlərinin tətbiqi vacibdir.