Almaniya Kansleri Fridrix Mers hökumətdə və rəhbərlik etdiyi Xristian Demokratlar İttifaqında (CDU) bir sıra kadr dəyişiklikləri edib.
Postxronika.az xəbər verir ki, qərara əsasən, CDU/CSU blokunun Bundestaqdakı fraksiyasının sabiq rəhbəri Yens Şpanın yerinə Kansler Aparatının rəhbəri Torsten Fray təyin olunub. Kansler Aparatına isə indiyədək səhiyyə naziri vəzifəsini icra edən Nina Varken rəhbərlik edəcək. CDU-nun baş katibi Karsten Linnemann yeni səhiyyə naziri təyin olunub.
Bundan başqa, Rəqəmsallaşma Nazirliyinin parlament dövlət katibi Filip Amtor federal hökumətlə əyalətlər arasında münasibətlərə cavabdeh dövlət naziri vəzifəsinə gətirilib.
Fridrix Mers bildirib ki, hökumətdə islahatlar davam edəcək və yaxın vaxtlarda yeni kadr dəyişiklikləri həyata keçiriləcək.
Almaniya mətbuatının məlumatına görə, Kanslerin nəqliyyat naziri Patrik Şnayderin fəaliyyətindən də narazı olduğu, onun yaxın zamanda vəzifəsindən ayrılmasının gözlənildiyi bildirilir.
Qeyd edək ki, dəyişikliklərə CDU/CSU fraksiyasının keçmiş sədri Yens Şpanın ABŞ-də surroqat ana vasitəsilə övlad sahibi olması ilə bağlı yaranan ictimai müzakirələrdən sonra istefa verməsi səbəb olub. Məsələ Almaniyada qüvvədə olan qanunvericilik və siyasətçinin əvvəlki mövqeyi ilə ziddiyyət təşkil etdiyi üçün həm ictimaiyyət, həm də partiya daxilində geniş tənqidlərə səbəb olmuşdu.