Bakının Nərimanov parkında “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi, “Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin dəstəyi ilə “Zəfər övladlarının incə əl işləri” adlı satış sərgisi təşkil olunub.

Postxronika.az xəbər verir ki, sərgidə 20-yə yaxın sağlamlıq imkanları məhdud şəxsin hazırladığı əl işləri nümayiş etdirilir. Ekspozisiyada qazi, birinci qrup əlil Bəhruz Hüseynov və həyat yoldaşının, həmçinin Mustafa Abdullayev, Südabə Mirnağıyeva, Zəhra Alxasova, Aslımaral Umarova və digər müəlliflərin əl işləri yer alıb.

Tədbirin açılışında çıxış edən “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova bildirib ki, layihənin məqsədi həssas sosial qrupların cəmiyyətə inteqrasiyasına dəstək vermək, milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid ailələri, qazilər və onların övladlarının yaradıcılıq potensialını geniş ictimaiyyətə təqdim etməkdir.

Onun sözlərinə görə, artıq 17 ildir fəaliyyət göstərən birlik bu istiqamətdə müxtəlif layihələr həyata keçirərək əlilliyi olan şəxslərin sosial fəallığının artırılmasına və xalq tətbiqi sənətinin gələcək nəsillərə çatdırılmasına töhfə verir.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Şəbnəm Cəfərova və Birinci Qarabağ müharibəsi veteranı Azər Mehdiyev də bu cür təşəbbüslərin cəmiyyət üçün əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, sağlamlıq imkanları məhdud şəxslərin, şəhid ailələrinin, qazilərin və onların övladlarının yaradıcılıq nümunələrinin təqdim olunması onların cəmiyyətə inteqrasiyasına və əməyinin qiymətləndirilməsinə xidmət edir.

Bildirilib ki, “Zəfər övladlarının incə əl işləri” satış sərgisi iyulun 25-də də ziyarətçilər üçün açıq olacaq.