Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.
Postxronika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Başsağlığında Pakistanın Hayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik qüvvələrinin postuna partlayıcı ilə yüklənmiş avtomobillə törədilən hücum nəticəsində 12-si hərbçi olmaqla ümumilikdə 14 nəfərin həlak olması, 24 nəfərin isə yaralanmasının dərin kədər hissi ilə qarşılandığı bildirilib.
Zakir Həsənov terror aktı nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyib, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Müdafiə naziri, həmçinin yaralananların tezliklə sağalmasını arzulayıb.