Türkiyənin Qars əyalətinin Sarıqamış rayonunda yerləşən və Rusiya imperatoru II Nikolayın ovçu evi kimi tanınan tarixi tikilinin bərpasının bölgənin turizm potensialına mühüm töhfə verəcəyi gözlənilir.

Postxronika.az xəbər verir ki, bu barədə “Türkiye” qəzetində  qeyd edilib.
Məqalədə bildirilib ki, Anadolunun bir hissəsinin Rusiya imperiyasının nəzarətində olduğu 40 il ərzində inşa edilən bina tikinti zamanı mismardan istifadə olunmadan hazırlanıb.
Məlumata görə, memarlıq xüsusiyyətlərinə və ətraf mühitinə görə “Yekaterina malikanəsi” kimi tanınan tarixi tikili bölgənin “gizli xəzinələrindən” biri hesab olunur və ziyarətçilərə fərqli təəssüratlar yaşadır.
Nəşrin məlumatına görə, uzun illər baxımsız qalan malikanənin restavrasiyadan sonra böyük mədəni turizm obyektinə çevrilməsi Qarsın turizm inkişafına əhəmiyyətli töhfə verə bilər.
Qeyd edək ki, 1973-cü ildə çəkilən məşhur “Qafqaz qartalı” filminin bəzi səhnələri də məhz “Yekaterina malikanəsi”nin ərazisində lentə alınıb.