Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin, sürücülərin və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə Xəzər rayonunun Türkan qəsəbəsində, Xanlar və Ağaxan Abdullayev küçələrinin kəsişməsində yeni svetoforlar istifadəyə verilib.

Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına əsasən, “L” və “A” tipli dirəklər üzərində nəqliyyat və piyada bölmələri quraşdırılan yeni svetoforlar kəsişmədə nəqliyyatın nizamlı və təhlükəsiz hərəkətini təmin edib.

​Qeyd olunub ki, layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.