ABŞ Prezidenti Donald Trampın İranla müharibənin sonrakı mərhələsi ilə bağlı üç mümkün ssenarini nəzərdən keçirdiyi bildirilir.

Postxronika.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Belə ki, müzakirə olunan variantlar hərbi əməliyyatların genişləndirilməsi, İrana qarşı yeni sanksiyalar tətbiq etməklə iqtisadi təzyiqin artırılması və ABŞ-nin müharibədə qələbə qazandığını elan edərək münaqişədən çıxmasıdır.
Bildirilib ki, bu ssenarilər son həftələrdə vitse-prezident Cey Di Vens, müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn, Trampın kürəkəni Cared Kuşner və onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə keçirilən görüşlərdə müzakirə olunub.
Qeyd edək ki, münaqişənin beş ay davam etməsinə baxmayaraq, ABŞ hələ də qarşıya qoyduğu əsas məqsədlərə, o cümlədən İranda hakimiyyət dəyişikliyinə nail ola bilməyib.
Məlumata görə, ABŞ və İran arasında son gərginlik iyulun 8-də Vaşinqtonun İrana zərbələr endirməsi ilə başlayıb. ABŞ bunu Hörmüz boğazında kommersiya gəmisinə hücuma cavab kimi izah edib. Həmin gün Donald Tramp İranla atəşkəsin başa çatdığını bəyan edib. Buna cavab olaraq Tehran Yaxın Şərqdə, o cümlədən Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniyadakı ABŞ obyektlərinə zərbələr endirib. Tərəflər iyulun 24-dən etibarən qarşılıqlı hücumları dayandırıblar.