Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq verilib.
Postxronika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şərtlərinin yollarda yarada biləcəyi təhlükələrin qarşısını almaq üçün hərəkət iştirakçılarına çağırış edib. BDYPİ ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir.
Müraciətdə xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin idarəedicilərinə yükün qablaşdırılmasına diqqət yetirmək tapşırılıb. Sürücülərə nəqliyyat vasitələrini aşma və ya zədələnmə təhlükəsi olan obyektlərdən kənarda, mümkün qədər qapalı məkanlarda park etmək tövsiyə olunur.
Həmçinin, toz dumanı səbəbindən görünüş məsafəsinin məhdudlaşdığı açıq ərazilərdə sürət həddi və ara məsafəsinin nəzarətdə saxlanılması, ötmə və manevr zamanı diqqətli olunması vurğulanıb. Piyadalara da təhlükəsizlik qaydalarına riayət etmələri xatırladılıb.