Prezident İlham Əliyev Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb.

Postxronika.az xəbər verir ki, sərəncamlara əsasən, Nərminə Elsevər qızı Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.

İmzalanan yeni sərəncamlara əsasən, Qoşqar Aslan oğlu Zeynalov Qars şəhərinə Azərbaycanın baş konsulu təyin edilib. Zamin Məmməd oğlu Əliyev isə İstanbul şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə gətirilib.

Qeyd edək ki, Nərminə Mustafayeva 2020-ci ilin iyulunda, Zamin Əliyev isə 2024-cü ilin noyabrında müvafiq vəzifələrə təyin olunmuşdu.

Xatırladaq ki, Qoşqar Zeynalov bu təyinata qədər Xarici İşlər Nazirliyində və Azərbaycanın xarici diplomatik nümayəndəliklərində, o cümlədən Kanadadakı səfirliyində üçüncü katib vəzifəsində çalışıb.