Zaqatala rayonunda Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş “Fırçanın dili” adlı rəsm müsabiqəsi təşkil edilib.

Postxronika.az xəbər verir ki, müsabiqə Zaqatala rayonu üzrə Gənclər və İdman Sektoru, rayon Heydər Əliyev Mərkəzi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgidə 21 istedadlı yeniyetmə və gəncin rəsm əsəri nümayiş etdirilib.

Mükafatlandırma mərasimində bildirilib ki, iştirakçılar əsərlərində Azərbaycanın, eləcə də Zaqatala rayonunun təbiətini və gözəlliklərini yüksək peşəkarlıqla əks etdiriblər. Qeyd olunub ki, müsabiqənin əsas məqsədi yeniyetmə və gənclərdə milli irsə marağı artırmaq, onların yaradıcı təfəkkürünü və bədii ifadə bacarıqlarını inkişaf etdirməkdir.

Sonda müxtəlif yaş kateqoriyaları üzrə fərqlənən iştirakçılar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və sertifikatları ilə təltif olunublar.