Türkiyədə dövlət satınalmalarının monitorinqi və tender proseslərində mümkün pozuntuların aşkarlanması üçün süni intellekt texnologiyalarından istifadə olunur.
Postxronika.az xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Departamentinin rəhbəri Birol Küle məlumat verib.
Onun sözlərinə görə, Türkiyə Dövlət Satınalmaları İdarəsinin təqdim etdiyi böyük həcmdə məlumat süni intellekt proqramları vasitəsilə təhlil edilir və rəqabət qaydalarının pozulması şübhəsi yaradan hallara xüsusi diqqət yetirilir.
Birol Küle bildirib ki, dövlət üçün ən münasib qiymətə və yüksək keyfiyyətli mal və xidmətlərin alınması vergi vəsaitlərinin səmərəli istifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Departament rəhbəri dövlət satınalmalarında sağlam rəqabət mühitinin qorunmasını əsas prioritetlərdən biri adlandırıb. Onun sözlərinə görə, tender xərcləri dövlət büdcəsinin əhəmiyyətli hissəsini təşkil etdiyindən bu sahədə rəqabətin təmin olunması departament üçün “qırmızı xətt” hesab edilir.
Küle əlavə edib ki, tenderlərdə rəqabət riskləri və potensial pozuntularla bağlı qiymətləndirmələr statistik modelləşdirmə və süni intellekt əsaslı məlumat təhlili əsasında aparılır.