Sosial şəbəkələrdə Xocalı rayonunun Meşəli kəndindən məcburi köçkün düşmüş Rasim Vəliyevin qardaşı Məzahir Vəliyev tərəfindən ailənin Badara kəndində 3 otaqlı mənzil əvəzinə 1 otaqlı mənzillə təmin olunması barədə yayılan iddialar təkzib edilib.
Postxronika.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yayılan məlumatlarla bağlı apardığı araşdırma zamanı iddiaların əsassız olduğu müəyyən olunub.
Bildirilib ki, 5 nəfərdən ibarət olan sözügedən ailə Böyük Qayıdış Proqramı çərçivəsində Xocalı rayonunun Badara kəndində normativ tələblərə uyğun olaraq 3 otaqlı mənzillə təmin olunub. Dövlət Komitəsinin əməkdaşları tərəfindən həmin mənzilə yerində baxış keçirilib və evin həqiqətən də 3 otaqdan ibarət olduğu təsdiqlənib.
Dövlət Komitəsi vətəndaşların yaşayış sahələri ilə ailə tərkibi və normativ tələblərə uyğun təmin edildiyini bir daha xatırladaraq media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.