Bakıda güləş üzrə U17 dünya çempionatının təntənəli açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Postxronika.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, mərasimdə çıxış edən federasiya prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu, yaradılan müasir idman infrastrukturunun Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb. M.Cabbarov yarış iştirakçılarına uğurlar arzulayaraq U17 Dünya Güləş Çempionatını açıq elan edib.
Tədbirdə həmçinin gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç çıxış edərək Bakının növbəti dəfə möhtəşəm idman bayramına ev sahibliyi etməsinin əhəmiyyətini qeyd ediblər.
Rəsmi hissədən sonra tamaşaçılara Azərbaycanın zəngin mədəni irsi ilə müasir idman ruhunu birləşdirən “Bu gün dünya güləşinin ürəyi Bakıda döyünür” adlı möhtəşəm bədii proqram təqdim olunub.
Qeyd edək ki, bir həftə davam edəcək çempionatın bütün qarşılaşmaları Milli Gimnastika Arenasında keçiriləcək.