Fransanın cənub-qərbindəki Bordo şəhərinə doğru irəliləyən meşə yanğınları səbəbindən kütləvi təxliyə hazırlıqlarına başlanılıb.

Postxronika.az xəbər verir ki, yanğınlar artıq şəhərdən cəmi 15 kilometr aralıdadır. Bordonun meri Tomas Kazenav hər cür ssenariyə, o cümlədən çox sayda insanın təxliyəsinə hazırlaşdıqlarını bildirib.

Daxili işlər naziri Loran Nunez Jirond bölgəsindəki vəziyyəti "görünməmiş" adlandırıb. Təbii fəlakət səbəbindən Fransada indiyədək 220 min, İspaniyada isə 100 mindən çox insan təxliyə edilib.

Bordonun cənubundakı Sestas şəhərinin meri Jerom Şteff baş verənləri "əsrin yanğını" kimi xarakterizə edib. Onun sözlərinə görə, bölgədə 42 min hektar ərazi yanıb, 240 ev məhv olub və 17 min sakin təxliyə edilib.

Fransanın Baş naziri Sebastyan Lekornu bildirib ki, yanvar ayından bəri ölkədə 116 mindən çox hektar ərazi yanıb və 13 mindən çox yanğın ocağı qeydə alınıb. Nazir vurğulayıb ki, yanğınların 90 faizi insan səhlənkarlığı (siqaret kötüyü, manqal və s.) ucbatından baş verib, bəzi hallarda isə qəsdən törədilib. İyulun 6-dan bəri yanğın törətməkdə şübhəli bilinən 162 nəfər həbs olunub.

Qeyd edək ki, qonşu İspaniyada da vəziyyət kritikdir. Madridin qərbində nəzarətdən çıxan yanğınlara görə ölkədə artıq 5 gündür milli fövqəladə vəziyyət elan edilib. Təkcə bu bölgədə 27 min hektardan çox ərazi külə dönüb.